|
Azərbaycan Kəndli (Fermer) Təsərrüfatları İttifaqının İdarə Heyətinin Sədri Sadıq Murtuzayev
Keçən əsrdə sosialist inqilabı və kollektivləşmə adı ilə həyata keçirilən zorakılıq nəticəsində Azərbaycan kəndi çox ağır deformasiyalara məruz qalıb. Yalnız, əsrin 60-cı illərindən başlayan canlanma 70-80-ci illərdə kənd təsərrüfatı sektorunun inkişafında fsl sıçrayışa səbəb oldu. Bu nailiyyət şübhəsiz ki, böyük öndər Heydər Əliyevin adı ilə bağlıdır.
Amma Qarbaçovun yenidənqurma siyasəti yenidən Azərbaycan kəndini çətin vəziyyətə saldı. Azərbaycan kəndinin iqtisadi yüksəlişinin ən dinamik sahəsi olan üzümçülük demək olar ki, məhv edildi, milyardlar bahasına başa gəlmiş yüz min hektarlarla üzüm bağları, onun güclü emal bazası dağıdılıb məhv edildi.
Bəs sonra? Azərbaycan kəndlisinin əzəli və əbədi arzusu olan torpaqlar onların özünə qaytarıldı, fəqət müstəqilliyimizin ilk illərindən başlayan islahatlarda yol verilən tələsiklik nəticəsində kənd təsərrüfatının maddi-texniki bazasını məhv etdi. İstehsal göstəriciləri aşağı düşdü, torpaqların böyük bir hissəsi kənddən uzaq olan çevik adamların əlinə keçdi və bu proses bu gün də davam edir. Azərbaycan kəndi boşalmağa başladı, onun ən sağlam qüvvələri onu tərk edib xarici ölkələrə və əsasən Rusiyaya axışdı.
Ölkənin zəngin ənənəsi olan ayrı-ayrı istehsal sahələrinin yenidən formalaşması və inkişafı sahəsində biz nələrə nail ola bilərik? Məsələn, bir təsərrüfat sahəsinə diqqətinizi cəlb etmək istərdim.
Respublikada 65 min ton tütün istehsal olunurdu. Indi, bu göstərici 2 min tona düşüb. Tütünçülükdə və onun emal bazasında təxminən 250 min işçi çalışırdı. Bunların 90 faizi qadın idi. Indi bu qüvvə işsizdir.
65 min tütün istehsalı və onu 10-a qədər emal-istehsalat müəssisəsinin iqtisadi və sosial imkanları çox böyük olub.
Mərhum prüzidentimiz Heydər Əliyev cənabları Şəkidə olarkən onun qarşısında bu sahənin inkişafı məsələsi qoyuldu. O da cavab verdi ki, ona verilən məlumata görə Azərbaycan tütünü keyfiyyət göstəricilərinə görə müasir tələbləri ödəmir. Təəssüflə deməliyəm ki, əsl həqiqəti ona çatdıran olmadı.
Həqiqət isə bundan ibarət idi ki, 65 min ton tütün 40-45 mini eksporta göndərilirdi və bircə dənə də olsun reklamasiya, yəni, keyfiyyətə irad yox idi. Əksinə, Amerikadan gəlib “Marlboro” siqareti üçün Zaqatalada Virciniya sortlu tütün yetişdirib Amerikaya göndərirdilər.
Vacib sosial məqamı nəzərinizə çatdırım. Əgər qadınlar bu istehsalata cəlb olunsalar çox gəlirli sahə olduğuna görə onların Rusiyadakı on minlərlə ərləri və övladları da qayıdıb gələcəkdir. Eləcə də pambıqçılığı, tərəvəzçiliyi, ipəkçiliyi, çayçılığı götürsək görün hələ yuxarıda dediyim rəqəmlər səviyyəsinə çatsaq necə bir iqtisadi-sosial yüksəlişə nail ola bilərik.
Mən, bir ağsaqqal kimi, 30 ildən çox ölkəmizin nəhəng rayonlarına rəhbərlik edib böyük uğurlara nail olan bir şəxs kimi Sizdən xahiş edirəm: Gəlin, üzümüzü Azərbaycan kəndinə çevirək, bu sahədə dərindən, elmi əsaslarla işlənmiş dövlət proqramına nail olaq. Heç şübhəsiz, regionların iqtisadi-sosial inkişaf planı əsasında çox böyük işlər görülmüşdür. İndi isə Azərbaycan kəndinin, onun kənd təsərrüfatının yüksəlişi üçün belə bir planın hazırlanması və həyata keçirilməsi bizə böyük tarixi nailiyyətlər qazandırar.
Bu proqramın hazırlanmasında nəzərə alınmalıdır ki, kənddə hazırki istehsal münasibətlərinin formalaşması və inkişafı baxımından mövcud olan xırda və fərdi kəndli təsərrüfatlarının bazasında uğurlu bir nəticəyə nail olmaq qeyri-mümkündür. Hesab edirəm ki, onların kooperasiyası əsasında islahatların təkmilləşdirilməsi ən vacib məsələlərdən biri olmalıdır. Çində kənd təsərrüfatının bu əsasda qüdrətli inkişafı bunun ən yaxşı nümunəsidir.
Ikinci vacib məsələ, kəndli təsərrüfatları üçün ən böyük ehtiyac olan mini texnikanın istehsalı təşkil olunarsa çox böyük səmərə əldə etmək olar. Respublikanın bu sahədə hər cür imkanı vardır.
Digər bir vacib məsələ çox bərbad vəziyyətə düşmüş toxumçuluğu düzəltmək, elmdə seleksiya işlərinə diqqəti artırmaqdır.
Əgər biz kənd təsərrüfatının inkişafına nail olmaq istəyiriksə, onda qeyd etdiyim amilləri nəzərə almaq lazımdır.
Sonda Konfederasiyanın, onun İdarə Heyətinin və xüsusən onun prezidenti Ələkbər Məmmədovun çox işgüzar və məqsədyönlü fəaliyyət göstərdiyini qeyd etməklə kafi olaraq dəyərləndirilməsini təklif edirəm.
Sizə isə yeni-yeni uğurlar arzulayıram.
|