|
ASK-nın Rəyasət Heyətinin üzvü
«Xətai-Təchizat» şirkətinin prezidenti Nazim Məmmədov
Bu gün hər kəs etiraf edər ki, Respublika iqtisadiyyatının inkişafında, cəmiyyətin yüksəlişində və əhalinin həyat səviyyəsinin yaxşılaşmasında sahibkarların müstəsna rol oynayır. Məhz bu qiymətləndirmədən çıxış edən Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) Azərbaycanda sahibkarların-işəgötürənlərin maraqlarını müdafiə edən ümumrespublika birliyi kimi onların inkişafına hərtərəflı yardım göstərir. ASK-nın bu sahədə fəaliyyəti çoxşaxəli olmaqla iş adamlarının hüquqi müdafiəsi, maarifləndirilməsi, onların informasiya təminatı, milli və beynəlxalq səviyyəddə işgüzar əlaqələrinin qurulması və partnyorların tapılması, ölkə əhəmiyyətli sosial məsələlərin həllində onlarin rolunun artırılması istiqamətində tədbirlərin həyata keçirilməsinə yönəlmişdir. Bu tədbirlər isə çoxsaylıdır.
İstər respublika daxilində, istərsə də xarici dövlətlərdə təşkil olunan biznes forum və sərgilər Azərbaycanda sahibkarlığın inkişafına öz müsbət təsirini göstərir. Belə ki, bu cür tədbirlərin nəticəsidir ki, bir sıra müəssisələr öz işini beynəlxalq standartlara uyğun qura bilmiş, istehsal etdikləri məhsulların ixracat yönümlü, rəqabətə davamlı olmasına nail olmuş, yeni texnologiyaların gətirilməsi və tətbiq edilməsində uğur qazanmışlar. Keçirilən biznes forumlar nəticəsində Azərbaycan iş adamları respublikdan kənarda özlərinə çoxlu sayda tərəf müqabilləri tapmışlar. Bunun nəticəsi olaraq Azərbaycan məhsullarınin xarici bazarlara çıxarılması mümkün olmuşdur. Artıq Azərbaycan idxalçı ölkədən ixracatçı ölkəyə çevrilmişdir. Hətta bəzi şirkətlər artıq Azərbaycandan kənarda öz şirkətlərinin bölmələrini yaratmışlar.
ASK xarici ölkələrdə, o cümlədən Çin, Almaniya, Yunanıstan, Rumıniya, İspaniya, Türkiyə və digər ölkələrdə keçirilən biznes tədbirlərdə Azərbaycan iş adamlarının iştirakına dəstək verməkdə davam edir.
Son dövrlərdə ölkəmizdə biznez mühit çox əlverişli olub və getdikcə daha da yaxşılaşır. Beynəlxalq iqtisadi münasibətlər sistemində Azad İqtisadi Zonaların çox mühüm əhəmiyyəti vardır. Azad İqtisadi Zonaların yaradılması iqtisdiyyatın inkişafına böyük təkan verə bilər. Dünyanın 120 ölkəsində 3000-dən artıq belə Azad İqtisadi Zonalar yaradılmışdır. AİZ-rın olması regiona marağı olan xarici şirkətlərin cəlb olunmasına gətirib çıxaracaqdır. Buna Azərbaycanın yerləşdiyi coğrafi mövqe də geniş şərait yaradır.
Digər bir məsələ, Azərbaycanın Dünya Ticarət Təşkilatına üzvlüyü mühüm əhəmiyyət kəsb edir. Bu, Azərbaycanda sahibkarlığın inkişafina öz müsbət təsirini göstərəcəkdir.
Müsbət məqamlarla yanaşı kiçik problemlərə də toxunmaq istərdim ki, bu da kreditlərin verilməsi ilə bağlıdır. Kreditlərin faiz dərəcələri çox yüksəkdir. Bu da sonda məhsulların maya dəyərinin artmasına gətirib çıxarır. Digər tərəfdən İqtisadi İnkişaf Nazirliyinin yanında Sahibkarlığa Kömək Fondu tərəfindən ayrılan kreditlərin həcmi az olduğu üçün çox şirkətlər bu krediti almaq imkanından kənarda qalır.
İxtisaslı kadrlarla bağlı problemdən də danışmaq istərdim. Bir sahibkar kimi deyə bilərəm ki, bu gün yüksək ixtisaslı və peşəkar kadr tapmaq çətindir. Burada texniki peşə məktəblərinin inkişaf etdirilməsi vacib amil kimi ortaya çıxır. Texniki peşə məktəblərinin maddi texniki bazasının aşağı səviyyədə olması respublika daxilində ixtisaslı kadr çatışmamazlığına gətirib çıxarır. Bu da şirkət və sənaye müəssisələrinə səmərəli biznes qurmaqda çətinlik yaradır.
Mən təklif edərdim ki, ASK və Təhsil Nazirliyi bu sahədə əməkdaşlıq etsin. ASK vasitəsilə şirkətlərin tələbatı öyrənilə bilər və ya texniki peşə məktəblərində oxuyan şagirdlər və ya məzunlar yerli şirkətlərdə iş təcrübəsi keçsinlər. Bu həm onların gələcəkdə işlə təmin olunmasına və bununla respublikada işsizliyin azalmasına, həm də şirkətlərin bu sahədə olan çatışmazlıqlarının aradan qaldırılmasına yardım edər.
Mən bu gün bütün sahibkarları həmişə sahibkarın yanında olan ASK-nın yanında olmağa çağırıram. |